“SƏHNƏDƏ” Gənc İstedadlar Müsabiqəsinin

ƏSASNAMƏSİ

   

  1. 1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblının tərəfdaşlığı, “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyinin (bundan sonra GəncSİMA İB) təşkilatçılığı ilə keçirilən “SƏHNƏDƏ” Gənc İstedadlar Müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin gedişi ilə bağlı məlumatlar GəncSİMA İB-nin, eləcədə, müsabiqənin tərəfdaşı olan digər təşkilat və qurumların internet səhifələrində və bütün sosial şəbəkə ünvanlarında yerləşdirilir.

  1. Müsabiqənin məqsəd və vəzifələri

2.1. Müsabiqənin əsas məqsədi paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıların aşkar edilməsi, onların qabiliyyətlərinin inkişafı və kreativ (yaradıcı və mədəniyyət) sənayelərində yer tapmasına dəstək göstərmək, eyni zamanda Azərbaycanda gənclər arasında müasir musiqi zövqünün formalaşdırılmasına töhfə verməkdir.

2.2. Müsabiqənin vəzifələri:

2.2.1. Müasir musiqinin inkişaf etdirilməsinə və bu sahədə yeni simaların formalaşmasına şərait yaradılması;

2.2.2. Azərbaycan milli musiqisinin tanıdılması və gənclər arasında təbliğatının aparılması;

2.2.3. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün şəraitin formalaşdırılması;

2.2.4. Gənclərin mədəniyyət və yaradıcı sənayelərdə özlərini kəşf etməsinə dəstək göstərilməsi;

2.2.5. Paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıların aşkar edilməsi.

  1. Müsabiqənin təşkili və keçirilmə müddəti

3.1. Müsabiqənin keçirilməsi məqsədilə “GəncSİMA” İB tərəfindən Təşkilat Komitəsi yaradılır.

3.2. Təşkilat Komitəsi aşağıdakı səlahiyyətlərə malikdir:

3.2.1. Müsabiqəyə edilən müraciətlərin qiymətləndirilməsi məqsədilə yaradılan Münsiflər heyəti tərkibini təsdiqləmək;

3.2.2. İştirakçıların fəaliyyətinin bu əsasnamənin tələblərinə uyğunluğuna nəzarət etmək;

3.2.3. Müsabiqələrin nəticələrini təsdiqləmək;

3.2.4. Müsabiqə ilə əlaqəli digər fəaliyyətləri həyata keçirmək.

3.3. Müsabiqə boyunca keçiriləcək kastinq və konsert proqramlarında, o cümlədən, müsabiqə ilə bağlı digər fəaliyyətlərdə iştirakçılar ödənişsiz əsaslarla fəaliyyət göstərirlər.

  1. Müsabiqənin iştirakçıları

4.1.Müsabiqəyə 16-25 yaş arasında, müxtəlif növdə musiqi üzrə istedadı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak üçün müraciət edə bilər.

4.2. Müsabiqəyə fərdi və qrup şəklində müraciət etmək mümkündür.

4.3. Əgər müraciət qrup şəklindədirsə yalnız qrup rəhbərinin qeydiyyatdan keçməsi kifayətdir. Müraciət üçün yüklənəcək videoda qrupun bütün üzvlərinin ifası öz əksini tapmalıdır.

  1. Müsabiqəyə müraciətlə bağlı qoyulan tələblər

5.1. Müraciətçilər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Müsabiqəyə müraciət edən şəxslər aşağdakı sənədləri onlayn qaydada sayt vasitəsilə təqdim edilməlidir:

  • Ərizə forması
  • 3×4 foto (elektron formada);
  • Müraciətçinin çıxışından ibarət olan videofayl müvafiq bölməyə yüklənilməlidir. (Videofaylın müddəti maksimum 5 dəqiqə, ümumi həcmi isə 50 MB-dan çox olmamalıdır. Təqdim edilən video özünüzə aid olmalıdır. Əgər həcm 50 MB həcmindən çox olarsa videonu baxış üçün açıq olmaqla “YouTube”a yerləşdirib linki təqdim etmək lazımdır)

5.2. Müsabiqəyə müraciət edən iştirakçı kastinq keçiriləcəyi müvafiq şəhəri düzgün şəkildə seçməlidir.

5.3. Kastinqlər hər bir şəhərdə bir gün olmaqla keçirilir.

5.4. Müraciətçi mütəmadi olaraq qeyd etdiyi əlaqə vasitələrini (elektron poçt, əlaqə nömrəsi) açıq saxlamalı və yoxlamalıdır.

5.5. Müsabiqəyə müraciət edən şəxslər müsabiqə qeydiyyatından yalnız bir dəfə keçə bilərlər.

5.6. Müsabiqədə iştirakı məqbul hesab edilən müraciətçilərə elektron poçt vasitəsilə kastinqin keçirilmə tarixi, məkanı və saatı bildiriləcək.

5.7. Müraciətçi kastinqlərə dəvətlə bağlı göstərilən vaxtdan 15 dəqiqə öncə kastinqin təşkil olunacağı məkana yaxınlaşmalıdır.

5.8. Kastinqlərə gecikən, üzrlü və əsaslı olmayan səbəblərdən iştirak edə bilməyən şəxslər müsabiqədə iştirak hüququnu itirirlər.

5.9. Müsabiqəyə təqdim edilən videofayllara Münsiflər heyəti tərəfindən verilən yekun qiymətləndirmə nəticələrinə yenidən baxılmır və qiymətlər dəyişdirilmir.

5.10. Kastinqlər nəticəsində ümumilikdə  on nəfər ( 10  nəfər) finalist seçilir.

5.11. Münsiflər heyətinin finalistlər arasında apardığı olduğu növbəti dəyərləndirmə əsasında ən yüksək xal toplayan üç nəfər (3 nəfər) müsabiqənin qalibləri – “Gənc İstedadları” olurlar.

  1. Müsabiqənin mərhələləri

6.1. Müsabiqə dörd (4)  mərhələdə həyata keçirilir:

6.1.1. I mərhələ Müraciət www.gencistedad.az saytı vasitəsilə istedadına və özünə güvənən gənclər müsabiqəyə müraciət edirlər.

6.1.2. II mərhələ Seçim – Müraciətlər təşkilatı komanda tərəfindən yoxlanılır və iştirakı məqbul hesab edilən müraciətçilərlə əlaqə saxlanılır.

6.1.3. III mərhələ Kastinq – Seçim mərhələsini uğurla tamamlayan gənclər kastinqlərdə iştirak haqqı əldə edilər. Kastinqlər respublika üzrə 7 böyük şəhər və rayonda təşkil olunur.

6.1.4. IV mərhələ  Final – Müsabiqənin kastinq mərhələsindən sonra seçilən 10 nəfər finalçı ilə birgə yekun konsert proqramı keçirilir. Tədbirdə finalçılar arasından seçilən 3 nəfər müsabiqənin qalibi elan olunur. 

  1. Qiymətləndirmə qaydası və seçim meyarları

7.1. Kastinqlərdə iştirak edən şəxslər (onlayn və ya fiziki) münsiflər heyəti tərəfindən kastinqlərdə iştirak edən müraciətçilər müxtəlif meyarlar üzrə qiymətləndirilir. 

7.1.1. İştirakçıların qiymətləndirmə meyarları:

  • Səhnə performansı;
  • Səhnə uyğunluğu;
  • Çıxışı üzrə istedadlılığı;

7.1.2. Münsiflər heyətinin hər birinin rəyi xüsusi əhəmiyyət daşıyır. Bunun üçün qiymətləndirmə protokolunda xüsusi bölmə mövcuddur.

7.2. Hər bir iştirakçının qiymətləndirilməsi 10 ballıq sistem əsasında aparılır. Münsiflər heyəti hər bir iştirakçını 10 ballıq sistemlə qiymətləndirir. Müraciətçinin yekun balı isə münsiflərin verdikləri ballar cəminin ədədi ortası əsasında müəyyənləşir.

7.2.1. Əgər bir neçə iştirakçının balları arasında eynilik olarsa, bu halda finalçının kimliyi münsiflərin məsləhətləşməsi əsasında müəyyənləşir.

  1. Müsabiqənin nominasiyaları

8.1. Müsabiqənin kastinq mərhələsində seçilən 10 finalçının hər biri diplomlarla təltif edilir.

8.2. Finalçılar arasından seçilən 3 nəfər qalib “Gənc İstedad” nominasiyası üzrə təltif olunur və onlarla RÄNG leyblı arasında 1 illik dəstək müqaviləsi bağlanılır.

  1. Müsabiqənin yekunu

9.1. Müsabiqənin qalibi və finalistləri diplom və hədiyyələr Təşkilat Komitəsi tərəfindən təşkil olunan Bakı şəhərində keçiriləcək konsert-bağlanış mərasimində təqdim edilir.

9.2. Müsabiqənin qaliblərinə musiqi sahəsində inkişaf etməsinə lazımi dəstək müsabiqə tərəfindən göstəriləcək.

9.3. Digər maraqlı tərəflər, şirkətlər, sponsorlar və ictimai qurumlar müsabiqənin qalibləri və fərqlənən iştirakçılar üçün mükafatlar təqdim edə bilər.

9.4. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra GəncSİMA İB-nin, eləcədə, tərəfdaşı olduğu qurum və müəssələrin sosial şəbəkə və internet ünvanlarında yerləşdirilir.