Sual-cavab


 
1“SƏHNƏDƏ” Gənc İstedadlar Müsabiqəsi nədir?
Müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqə Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.
2Müsabiqədə iştirak etmək mənə nə qazandıracaq?
“SƏHNƏDƏ” Gənc İstedadlar Müsabiqəsinə qoşulmaqla siz musiqi sənayesində ulduz olmaq yolunda addım atacaq, səhnə qorxunuza üstün gələcək, böyük təcrübəyə malik peşəkar münsiflərin tövsiyələrindən faydalanacaqsınız. Bu müsabiqə həm ifaçılıq bacarıqlarınızı daha da inkişaf etdirmək, həm də özünüzü sınamaq üçün bir fürsətdir. Qaliblər RÄNG leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcəklər. Bir il ərzində onlara sənətdə öz yerini tapmalarına dəstək göstəriləcək.
3Müsabiqəyə necə müraciət edə bilərəm?
gencistedad.az saytında yuxarı sağ küncdə yerləşən “Müraciət et” düyməsini klikləyərək müvafiq xanaları doldurduqdan sonra ifanızı əks etdirən videonu bizə göndərə bilərsiniz. Yalnız sayt vasitəsilə edilən müraciətlər qəbul ediləcəkdir.
4Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Müsabiqə 4 mərhələdən ibarətdir.
Müraciət: Gənclər fərdi və ya qrup şəklində gencistedad.az saytı vasitəsilə 10 iyun 2021-ci il tarixinədək müraciət edə bilərlər.
Seçim: Daxil olan müraciətlərin münsiflər heyəti tərəfindən dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar kastinqlərə dəvət olunacaqlar.
Kastinq: Respublika üzrə 7 böyük şəhər və rayonda təşkil olunan kastinqlərdə gənclər öz performanslarını nümayiş etdirəcəklər. Qiymətləndirmə ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simalarından ibarət olan münsiflər heyəti tərəfindən aparılacaqdır.
Böyük Final: Kastinqlər nəticəsində müəyyənləşən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək və peşəkar jüri tərəfindən dəyərləndiriləcək. Yekunda 3 gənc qalib seçiləcək.
5İlkin mərhələdə iştirakçıların seçimi hansı meyarlara uyğun aparılacaq?
Seçim mərhələsi göndərilmiş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir. İlkin mərhələdə sayt vasitəsilə daxil olan müraciətlər texniki seleksiyadan (məlumatların dolğun və düzgün doldurulması, videonun yüklənməsi) keçirilərək münsiflər heyətinə təqdim olunacaq. Münsiflər heyəti qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnıları dəyərləndirəcək.
6Kastinqlər hansı şəhər/rayonlarda təşkil olunacaq?
Kastinqlər Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdədə təşkil olunacaqdır. Kastinqlərlə bağlı daha ətraflı məlumatı saytın “Təqvim” bölməsindən əldə edə bilərsiniz.
7Müsabiqə ilə bağlı əlavə suallar yaranarsa, hara müraciət edə bilərəm?
Müsabiqə və onun gedişatı ilə bağlı sualları saytın "Əlaqə" bölməsi, [email protected] elektron poçtu və sosial şəbəkələr (@sehnedegenc) vasitəsilə ünvanlaya bilərsiniz:
8Müsabiqədə hansı yaş kateqoriyasında şəxslər iştirak edə bilər?
16-25 yaş arasında hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
9Müsabiqəyə qrup şəklində qoşulmaq mümkündürmü?
Müsabiqəyə fərdi və ya qrup şəklində müraciət etmək mümkündür. Əgər müraciət qrup şəklindədirsə, yalnız qrup rəhbərinin adı ilə qeydiyyatdan keçmək kifayətdir. Lakin videoda qrup üzvlərinin birgə ifası öz əksini tapmalıdır.
10Müsabiqədə hansı dildə və janrda mahnı ifa etməklə iştirak edə bilərəm?
Müsabiqəyə müxtəlif dillərdə klassik, pop, rok, caz, rep musiqisi, xalq mahnısı və muğam ifa etməklə qoşula bilərsiniz.
11Yalnız musiqi alətində ifa edə bilirəm, bu halda müsabiqədə iştirak edə bilərəmmi?
Xeyr. Müsabiqədə yalnız mahnı səsləndirə bilən şəxslər iştirak edə bilərlər.
12Müsabiqədə xaricdə yaşayan azərbaycanlı gənclər iştirak edə bilərmi?
Müsabiqə çərçivəsində təşkil olunan kastinqlər və yekun konsert fiziki qaydada baş tutduğundan mümkün deyil.
13Müsabiqəyə bir neçə dəfə müraciət etmək mümkündürmü?
Yalnız bir dəfə müraciət etmək şansınız var. Bu səbəbdən göndərəcəyiniz ifanı diqqətli seçməyiniz xahiş olunur.